BAKI, 3 noyabr — Sputnik. Qarışıq döyüş növləri (MMA) üzrə azərbaycanlı döyüşçü Nəriman Abbasov Bakıda rusiyalı Əli Əbdülxəlikov üzərində gözəl qələbə qazanacağına söz verib.
Noyabrın 4-də Milli Gimnastika Arenasında məşhur azərbaycanlı döyüşçü, "Fight Nights Global"ın keçmiş çempionu Nəriman Abbasov və rusiyalı Əli Əbdülxalikov arasında Rizin Landmark 7 MMA turniri üzrə döyüş baş tutacaq.
Döyüş ərəfəsində Abbasov jurnalistlərlə söhbətində qarşıda baş tutacaq yarışa tam hazır olduğunu qeyd edib.
"Turnirə hazırlıq başa çatıb, üstəlik, lazım olan çəkimi də əldə etmişəm. Əla döyüş nümayiş etmək və gözəl qələbə qazanmaq istəyirəm. Yaxşı rəqibim var, o da mənim kimi ayaq üstə duraraq döyüşməyi sevir. Buna baxmayaraq, özümü favorit hesab edirəm, Əbdülxəlikov üçün bu döyüş çətin olacaq", - deyə Abbasov bildirib.
Eyni zamanda döyüşçü qeyd edib ki, o, ən nüfuzlu döyüş təşkilatına qayıtmaq ümidini itirmir.
Xatırladaq ki, Abbasov bu yaxınlarda təsnifat döyüşündə braziliyalı İsmael Bonfimə məğlub olaraq UFC-dən çıxıb. O, həmçinin Azərbaycanda MMA-ya böyük marağının olduğunu da qeyd edib və əminliklə bildirib ki, şənbə günü Azərbaycan döyüşçüləri yerli ictimaiyyət tərəfindən fəal şəkildə dəstəklənəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.