BAKI, 12 oktyabr — Sputnik. AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının IX turunun "Neftçi" – "Qarabağ" oyunu ilə bağlı cəzaları açıqlayıb.
Birincilərin iki köməkçi məşqçisi Sənan Qurbanov və Miodraq Todorov diskvalifikasiya olunublar.
Hakimin qərarına etiraz etdikləri üçün qırmızı vərəqə alan mütəxəssislər 1-i şərti olmaqla 2 oyunluq cəzalandırılıblar. Hər iki məşqçiyə 3 aylıq sınaq müddəti təyin edilib. "Neftçi" isə buna görə, 3000 manat cərimələnib.
Qarşılaşmada fotoqrafların mövqelərini dəyişərək icazə verilməyən yerlərdən çəkiliş aparmaları "Neftçi"yə 500 manata başa gəlib. Həmçinin, matçdan sonra meydançaya kənar şəxslər daxil olduğundan, "ağ-qaralar" daha 800 manat cərimə ödəyəcəklər. Bundan başqa, oyunda miks zona düzgün təşkil edilmədiyinə, stadionun tunelində insanlar çox olduğuna və futbolçular avtobusa rahat daxil ola bilmədiklərinə görə, "Neftçi"yə xəbərdarlıq edilib.
"Qarabağ" da cəriməsiz qalmayıb. Toral Bayramovun formasının rəqəmləri fərqli olduğundan, ağdamlılar 1000 manat cərimələniblər. 78-ci dəqiqədə isə "Qarabağ"ın azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib komandanın ünvanına qeyri-etik ifadələr səsləndirilib. Bu hal mövsümdə ikinci dəfə yaşandığından, qonaqlar 500 manat cərimə olunublar.
Qeyd edək ki, "Neftçi" – "Qarabağ" oyunu ikincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.