BAKI, 9 oktyabr - Sputnik. Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Boqdanov və Fələstinin Moskvadakı səfiri Abdel Hafiz Nofəl Fələstin-İsrail münaqişəsini müzakirə ediblər. Bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilir ki, söhbət zamanı artıq çoxsaylı insan tələfatına, o cümlədən mülki əhali arasında itkilərə səbəb olmuş Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin dramatik inkişafı müzakirə edilib.
"Rusiya tərəfi vəziyyətin daha da nəzarətsiz gərginləşməsinin qarşısını almaq üçün erkən atəşkəsin və hər iki tərəfin maksimum təmkinli davranmasının vacibliyini vurğulayıb", - deyə məlumatda bildirilir.
Eyni zamanda, Moskvanın Fələstin probleminin tanınmış beynəlxalq hüquq əsasında ədalətli həllini dəstəkləyən daimi mövqeyi təsdiqlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.