İQTİSADİYYAT

Azərbaycanın nar ixracı niyə kəskin artıb – Ən çox hansı ölkələrə mal göndərilib?

Bu ilin birinci yarısında ölkədən 8 milyon dollar dəyərində 6 min tondan çox nar ixrac olunub. Ümumi nar ixracının 91,8 faizi Rusiyanın payına düşüb.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Azərbaycanın nar ixracında kəskin artım müşahidə edilir. Rəsmi statistikaya görə, bu ilin birinci yarısında nar ixracı illik müqayisədə 4 dəfə artıb.
Artımın səbəbləri nədir?
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a bildirib ki, artımın bir neçə səbəbi var:

"Birincisi, narın əkin sahələri genişlənib. Nar bağlarının salınması üçün dövlət tərəfindən birdəfəlik subsidiya ayrılır. Hər hektar intensiv nar bağlarına görə 3000 manat subsidiya verilir. Dövlət fermerləri bu işə təşviq etmək üçün subsidiya ayırır və ona görə narın əkin sahələri artıb".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı-ekspert Mircavid Həsənov
"Son vaxtlarda nar bağlarına qulluq yaxşılaşıb"
Onun sözlərinə görə, ikinci səbəb aqrotexniki qulluqda irəliləyişin olmasıdır:
"Əvvəl fermerlər gübrələrdən demək olar ki, istifadə etmirdilər və çox zaman nar çürüyürdü. Son vaxtlarda isə nar bağlarına qulluq yaxşılaşıb, gübrələrdən istifadə artıb. Ona görə də keyfiyyətli məhsul əldə olunur və ixracda da artım var".
"Azərbaycan narı əsasən Rusiya bazarına göndərilir" - , deyə ekspert əlavə edib.
İqtisadçı-ekspert Xalid Kərimli isə Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan sahibkarları işlərini yaxşı təşkil ediblər və bu da nar ixracında kəskin artıma gətirib çıxarıb. Bu, nar istehsalçılarının uğurudur.
Qeyd edək ki, bu ilin birinci yarısında ölkədən 8 milyon dollar dəyərində 6 min tondan çox nar ixrac olunub. Ümumi nar ixracının 91,8 faizi Rusiyanın payına düşüb. Sonrakı yerlərdə isə Gürcüstan, Ukrayna, Belarus, Qazaxıstan gəlir. Az miqdarda məhsul Birləşmiş Ərəb Əmirliklərinə, Qətərə göndərilib.
Xatırladaq ki, 2006-cı ilin noyabrından başlayaraq hər il Göyçay rayonunda ənənəvi nar bayramı keçirilir. Məqsəd Azərbaycan narının şöhrətini dünyaya tanıtmaqdır.
Narın meyvəsi həm təzə halda istehlak üçün, həm də sənayedə emal edilmək məqsədilə istifadə olunur. Qida sənayesində mədəni və yabanı nar sortlarından müxtəlif məmulatlar, şirələr, şərbətlər, spirtsiz içkilər və s. hazırlanır.
İQTİSADİYYAT
Azərbaycanın nar ixracı kəskin artıb - DETALLAR