BAKI, 24 iyun — Sputnik. Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
"Rusiya prezidenti silahlı üsyana cəhdlə bağlı ölkədəki vəziyyət barədə türkiyəli həmkarına məlumat verib. Rəcəb tayyip Ərdoğan Rusiya rəhbərliyinin addımlarını tam dəstəklədiyini bildirib", - məlumatda deyilir.
Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə "Vaqner"in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda "Vaqner" döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.