DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan prezident səlahiyyətlərinin icrasına başlama mərasimində Əliyevə təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimində iştirak ediblər.
Sputnik
BAKI, 3 iyun - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da mərasimdə iştirak ediblər.
Ərdoğan Əliyevə bu mərasimə qatıldığı üçün təşəkkür edib:
"Dəyərli qardaşım Azərbaycan Prezidentinə “xoş gəldin!” deyir, təşəkkür edirəm".
Türkiyə Prezidenti mərasimə qatılan Özbəkistan, Venesuela, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan və digər dövlət başçılarına, Pakistan Baş naziri və NATO Baş katibinə də xüsusi təşəkkür edib.
Qeyd edək ki, R.T.Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib.
Daha sonra o, ölkənin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməyib.
Mayın 28-də keçirilən ikinci turda “Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə növbəti 5 il üçün prezident seçilib.
Qeyd edək ki, R.T.Ərdoğan 1954-cü ildə anadan olub. O, 2003-cü ildən 2014-cü ilədək Türkiyənin Baş naziri olub.
2014 və 2018-ci illərdə dövlət başçısı seçilib.
SİYASƏT
Əliyev və xanımı Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasiminə qatılıblar