BAKI, 31 may — Sputnik. Ukrayna hadisələri kontekstində Ermənistanın manevr imkanları getdikcə daralır.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Yerevanda illik "Erməni Demokratiya Forumu"nda çıxışı zamanı deyib.
Hökumət başçısı qeyd edib ki, Ukrayna hadisələri başlayanda Ermənistan beynəlxalq platformalarda müxtəlif səsvermələr də daxil olmaqla, müəyyən dərəcədə balanslı mövqe tutmağa çalışıb və bu mövqe bütün tərəfdaşlar tərəfindən məmnunluqla qarşılanıb.
"Amma aydındır ki, zaman keçdikcə Ermənistan və hamı üçün manevr imkanları daralır. Bu, hamı üçün, xüsusən də Ermənistan üçün çox ciddi çağırış və problemdir", - baş nazir əlavə edib.
Demokratiya və KTMT müttəfiqləri ilə münasibətlər kontekstində Paşinyan bildirib ki, əgər hərəkətlərimiz "düz xətli" olsaydı, 2021-ci ildə biz təkcə demokratiyanı deyil, dövləti də itirərdik. Bunda heç bir şişirtmə yoxdur.
Bundan əvvəl Paşinyan bəyan edib ki, son aylar Qərb tərəfdaşları ilə keçirilən bütün görüşlərdə sanksiyalar rejiminə əməl olunması məsələsi qaldırılıb.
"Birincisi, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür və Rusiya ilə dərin strateji və tərəfdaşlıq münasibətlərinə malikdir. Ermənistan Qərbin sanksiyalarına məruz qala bilməz", - deyə Paşinyan qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.