BAKI, 31 may — Sputnik. Bakıda taekvondo üzrə keçirilən dünya çempionatının üçüncü günündə daha 3 çəki dərəcəsində qaliblər bəlli olacaq.
Kişi taekvondoçular arasında 80 kq və 87 kq, qadınlarda 49 kq çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Azərbaycan millisinin üzvü Əliəskər Əliyev (80 kq) mundialda ilk görüşünü 1/16 final mərhələsi çərçivəsində Ababakar Soumareyə (Seneqal) qarşı keçirib. Taekvondoçumuz 2:0 hesabı ilə qalib gələrək, mərhələ adlayıb. O, 1/8 finalda Migel Treyosla (Kolumbiya) döyüşəcək.
Patimat Abakarova (49 kq) 1/16 finalda Çina Murakamini (Yaponiya) sınağa çəkib. Döyüş olimpiya mükafatçımızın qələbəsi ilə başa çatıb. O, 2:1 hesabı ilə qalib gəlib. Abakarova 1/8 finalda Botakoz Kapanova (Qazaxıstan) ilə qarşılaşacaq. Patimat Abakarova (49 kq) isə 1/16 finalda Çina Murakamini (Yaponiya) sınağa çəkəcək.
87 kq çəkidə çıxacaq Taleh Süleymanov da mübarizəyə 1/16 finaldan qoşulacaq. O, debüt döyüşündə Manuel Pollet (Belçika) ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, mundialın üçüncü günündə 3 çəki dərəcəsində qaliblər bəlli olacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. (APA)