BAKI, 8 may — Sputnik. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvləri müxtəlif idman federasiyaları ilə sıx əlaqə saxlayır və Rusiya Federasiyası və Belarus idmançılarının beynəlxalq turnirlərə buraxılması üçün bütün səyləri göstərirlər.
Bunu BOK-un rəhbəri Tomas Bax deyib. "TASS" agentliyi onun sözlərinə istinadən bu xəbəri verib.
"Ümid edirik ki, Olimpiya Hərəkatının missiyası əvvəlcədən elan edilmiş şərtlərlə yerinə yetirilə bilər: Rusiya və Belarus idmançıları neytral statusda iştirak etməlidirlər. Parisdə keçiriləcək Olimpiya Oyunlarında biz dünyanı beləcə birləşdirə bilərik", - deyə BOK rəhbəri bildirib.
Onun sözlərinə görə, müvafiq qərarları məsul idman qurumları qəbul etməlidir.
"Hökumətlərin öz mövqelərini ifadə etmək hüququ var, lakin onlar həm də başa düşməlidirlər ki, istənilən boykot öz idmançılarını cəzalandıracaq və onları Olimpiya yarışlarında uğurları ilə fəxr etmək imkanından məhrum edəcək", – deyə Tomas Bax qeyd edib.
Mart ayında BOK İcraiyyə Komitəsi beynəlxalq federasiyalara Rusiya və Belarus idmançılarına xüsusi hərbi əməliyyata fəal dəstək vermədikləri təqdirdə onlara neytral statusda yarışmağa icazə verməyi tövsiyə edib. Eyni zamanda, silahlı qüvvələrə və hüquq-mühafizə orqanlarına, habelə Rusiya və Belarus komandalarına bağlı idmançıların buraxılmaması qərara alınıb.
Rusiyanın idman naziri Oleq Matıtsin daha əvvəl bildirmişdi ki, rusiyalı idmançıların Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edib-etməyəcəyi məsələsi bu il iyulun sonunda həll olunacaq.