İDMAN

Məşqçilərin lisenziyalaşdırılması ilə bağlı federasiyalarla görüş keçirilir - Nazir

Fərid Qayıbov bildirib ki, məşqçilərin lisenziyalaşdırılması və federasiyalar tərəfindən tanınması onlar üçün prioritetdir.
Sputnik
BAKI, 4 may — Sputnik. Məşqçilərin lisenziyalaşdırması ilə bağlı federasiyalarla daim görüşürük.
Bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, tanınmış samboçu Mehman Xəlilovun bu yaxınlarda Sumqayıtda məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədərək onun ölümünə səbəb olmasına təəssüf hissi keçirib: "Baş verən hadisə hamımızı şoka saldı. Vəfat edən azyaşlının ailəsinə başsağlığı verirəm. Hadisə ilə bağlı istintaq gedir, bunun nəticəsini gözləməliyik".
Fərid Qayıbov bildirib ki, məşqçilərin lisenziyalaşdırılması və federasiyalar tərəfindən tanınması onlar üçün prioritetdir: "Təəssüf ki, bir çox hallarda məşqçilər federasiyaları tanımır. Biz bu vəziyyətlə mübarizə aparırıq".
Gənclər və idman naziri vurğulayıb ki, idmançılar, məşqçilər və hakimlərlə bağlı yeni sistemin istifadəyə verilməsi istiqamətində işlər aparılır: "İnsanlar artıq bir yerdən daxil olaraq, həm idmançılar, həm məşqçilər, həm də hakimlər haqda məlumat əldə edə biləcəklər. Lakin həmin sistemə məlumatları əlavə etmək bir az vaxt tələb edir".
Qeyd edək ki, məşq zamanı azyaşlının ölməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində həbs olunub.