BAKI, 15 aprel - Sputnik. Azərbaycan ağır atletləri Ermənistanı tərk edib. Bunu ölkənin təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan Sputnik Ermənistan-a açıqlamasında deyib.
“Azərbaycan idmançıları artıq Ermənistan sərhədini keçiblər”, - deyə o bildirib.
APA xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev məsələni şərh edib.
Onun sözlərinə görə, komandamızı Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21.20-də Vətənə çatdıracaq:
"Nəhayət, Azərbaycan nümayəndə heyəti sağ-salamat Vətənə qayıdır. Komandamız avtobusla Ermənistanı tərk edərək Gürcüstana daxil olub".
Bu gün səhər saatlarında məlum olub ki, Azərbaycan idmançılarının İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının yarışlarında iştirakı bu ölkədə hökm sürən psixoloji təzyiq və nifrət, habelə onların təhlükəsizliyini təmin edə bilməməsi üzündən mümkünsüz hesab edilib.
Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə məlumatında deyilir ki, bunu nəzərə alaraq onların vətənə qaytarılması barədə qərar qəbul edilib.
Bundan əvvəl Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov sosial şəbəkələrdə azərbaycanlı ağır atletlərin İrəvanda məcburi saxlanıldığını bildirmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.