BAKI, 7 aprel - Sputnik. Azərbaycanda tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısı azaldılır.
Bununla bağlı Milli Məclisin iclasında müzakirəyə çıxarılan Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, hündürlüyü ən çox 5 metr, sahəsi 100 kvadratmetr olan birmərtəbəli yardımçı tikililər tikintisinə icazə tələb olunmayan obyektlərin siyahısından çıxarılır.
Hazırda hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur.
Layihəyə əsasən isə hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmayacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Xatırladaq ki, mövcud 79-cu maddə belədir:
Maddə 79. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri
79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur:
79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;
79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların.