"Mahnını "Dərviş band" qrupunun ifasında dinləmişəm və qrup üzvləri ilə də tanışam. Məni studiyalarına qonaq etdilər. Qrup üzvləri ilə tanış oldum. Gəncdirlər və mahnını özünəməxsus ifa ediblər. Azərbaycan milli estrada sənətinin təməlini qoyan bir adam kimi deyə bilərəm ki, əsas odur ki, mahnı xoş təsir bağışlayır. Bu mahnını başqa bir qrup da oxuyub, müğənnilər də oxuyub. Mahnının müəllifi özüm olsam da, mahnı xalqa məxsusdur, hər kəs oxuya bilər, təbii ki, mahnıya xələl gətirməmək şərti ilə".
"Biz gənc olanda bizdən yaşlı nəsillər bizə dəstək olub, bizim də borcumuzdur ki, gənclərə dəstək olaq. Musiqi köynək deyil ki, deyəsən harasısa xoşuma gəlmir. O elə bir məfhumdur ki, onu gərək dərindən hiss edəsən, qiymətləndirə biləsən. Hərə bir fikir səsləndirdi. Bəyənənlər də oldu, bəyənməyənlər də. Bəziləri də deyir ki, mahının sözlərini indi eşidirik, təzədən əmələ gəldi. İnsanlar fərqli olduğu kimi, fikirlər də müxtəlifdir. Mən bu fikirləri normal qarşılayıram. Əsas odur ki, mahnı unudulmayıb. Bu çox böyük uğurdur. Mən xoşbəxt sənətçiyəm ki, mənim mahnılarım bütün dövlərdə sevilir".
""Dərviş band" qrupu ilə "Dünya sənin, dünya mənim" mahnısını duet şəklində ifa etdik. Yaxın günlərdə təqdim ediləcək. Duetimiz yaxşı alınıb. Ümumiyyətlə, bu mahnımı çox müğənni oxuyur. Mənim mahnılarımı bütün gənclər sevirlər. Həm milli ruhdadır, həm də müasirdir", - deyə musiqiçi bildirdi.
"Musiqidə "Neo" anlayışı bütün dünyada var. Bu, çox yaxşıdır, çünki 20 il öncə yazılmış musiqini cavan nəslə bu dövrün tələblərinə uyğun təqdim edirsən. Əslində bu, çox böyük riskdir. Məsələn, Faiq Ağayev "Səni əvəz eləmir" mahnısını 20 il öncə oxuyub, yenidən o mahnıya qayıtdı. Tamaşaçı onu qəbul etməyə də bilərdi. Eləcə də Niyaməddin müəllimin mahnısını da tamaşaçı qəbul etməyə də bilərdi. Mahnının bu qədər ajiotaj yaratmağının səbəbi odur ki, Azərbaycan tamaşaçıları roka həsrət qalıb", - deyə bəstəkar fikrini bildirib.