BAKI, 15 mart — Sputnik. Türkiyənin Şanlıurfa şəhərində güclü yağış nəticəsində tarixi Balıklıgöl şəhərciyində daşqınlar əmələ gəlib.
Dünyanın "ən böyük təbii akvariumu" kimi tanınan Şanlıurfadakı tarixi Balıklıgöl leysan yağışlar səbəbindən sular altında qalıb.
Göldəki suötürücü kanalların tıxanması səbəbindən suyun səviyyəsi qalxıb, balıqların bir hissəsinin tələf olduğu görülüb.
Aidiyyəti təşkilatlar suların axıdılması üçün bölgədə suötürücü və drenaj kanallarının təmizlənməsi üzərində işləyir.
Suyun rənginin dəyişdiyi müşahidə edilən şəhərciyin ətrafı təhlükəsizlik məqsədi ilə polislər tərəfindən qorunur.
Qeyd edək ki, Türkiyənin zəlzələdən zərər görmüş Şanlıurfa bölgəsində sel nəticəsində ölənlərin sayı artıb. Ölənlərin sayı 14-a çatıb. Şəhərdə xəstəxanalar su altında qalıb, məktəblər bağlanıb.
Zəlzələ bölgəsində yağışların bu axşam da davam edəcəyi vurğulanıb.
Türkiyənin cənub-şərqi Anadolu və şərqi Anadolu bölgələrində hava şəraiti ilə əlaqədar ötən gündən "narıncı" xəbərdarlıq elan edilib.
Bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsi məlumat yayıb. Qeyd olunub ki, bölgə sakinlərinə bildirişlər göndərilib.
Yağıntıların cümə axşamı gününə qədər davam edəcəyi və Şanlıurfa, Mardin, Qaziantep, Kilis və Kahramanmaraş ətrafında çox güclü və şiddətli keçəcəyi gözlənilir. Yağıntılar zamanı sel, daşqın, şimşək çaxması, dolu və güclü külək kimi neqativ hallara qarşı diqqətli olmaları barədə xəbərdarlıq edilib.