BAKI, 28 fevral — Sputnik. Azərbaycan Ermənistan tərəfinin sülh müqaviləsi kimi ən mühüm sənəd üzərində işə dair davam edən qeyri-konstruktiv mövqeyini təəssüf hissi ilə qeyd edir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirilən mətbuat konfransında deyib.
"Bilirsiniz ki, bu iş 2022-ci ilin oktyabrında başlayıb və bu nisbətən qısa müddət ərzində Ermənistan tərəfinin davamlı olaraq yaratdığı müxtəlif maneələri müşahidə etmişik. Əgər ilkin mərhələdə bu, heç vaxt dilə gətirilməyən bəzi ideyaları ortaya atırdısa, bu müqaviləyə bir növ mücərrəd çərçivə xarakteri verməyə çalışırdısa, Moskvada əvvəlcədən nəzərdə tutulmuş və razılaşdırılmış üzbəüz görüşdən bir gün əvvəl danışıqların üçüncü mərhələsini keçirmək üçün Ermənistan tərəfi boykot edib və bu formatda iştirak etməkdən imtina edib", - deyə Bayramov bildirib.
Nazir qeyd edib ki, eyni zamanda, bəzi görüşlərə, başqa formatlarda müzakirələrə hazırlıq elan edilir, lakin nədənsə münaqişədən sonrakı normallaşmanın ən vacib elementi mötərizədə qalır.
"Bu konteksti nəzərə alaraq, biz real nəticə əldə etməyə çalışaraq, prosesi tam dayandırmamaq üçün hələ də bütün mövcud imkanlardan istifadə etməyə çalışırıq və hazırda demək olar ki, sülh sazişi layihəsi ilə bağlı şərhlər göndərildikdə, biz onlayn diplomatiya ilə məşğul oluruq", - deyə Bayramov deyib.
Onun fikrincə, Ermənistan tərəfi öz mövqeyini nə qədər tez dəyişib danışıqlar masasına qayıtsa, sülh prosesi üçün bir o qədər faydalı olar.