BAKI, 27 fevral — Sputnik. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi may ayında yaradılacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, bu sahədə əsas iş geridə qalıb: "Məsələnin hüquqi normativ tərəflərinə görə, müvafiq əsasnamə hazırlanıb və aidiyyəti üzrə göndərilib. Sadəcə "Elm haqqında" və "Təhsil haqqında" qanunlara müvafiq dəyişikliklər edilməlidir. Bu ilin may ayında agentliklərin yaradılması nəzərdə tutulub".
Nazir, artıq növbəti tədris ilinin hazırlıqlarını Elm və Təhsil Nazirliyinin yox, agentliklərin edəcəyini bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin ötən ilin iyulunda imzaladığı fərmanla Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb.