BAKI, 13 fevral — Sputnik. Musa Qurbanlı mövsümdə 16-cı qolunu vurub.
"Qarabağ"ın futbolçusu Misli Premyer Liqasının XXII turunun "Sabah"la ev görüşündə fərqlənib.
O, 1:1 hesabı ilə başa çatan qarşılaşmanın 18-ci dəqiqəsində rəqib qapısına yol tapıb.
Musa bununla da Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb. O, bir mövsümdə ən çox qol vuran 21 yaşadək futbolçu adına yiyələnib.
Qurbanlıya qədər bu rekord 15 qola bərabər idi. 1998/99 mövsümündə "Dinamo"nun hücumçusu Fərrux İsmayılov 15 qola imza atıb. 2005/06 mövsümündə "Şahdağ"ın nigeriyalı legioneri Əhməd Ticani eyni sayda fərqlənib. Bu rekordu əvvəlki turda təkrarlayan Musa "Sabah"la görüşdə mütləq rekord vurub.
Bu qol həm də forvardın "Qarabağ"ın heyətində yubiley qolu olub. O, Ağdam klubunun forması ilə Premyer Liqada 25-ci dəfə fərqlənib.