BAKI, 11 fevral - Sputnik. Mərakeşdə keçirilən boks üzrə Qızıl kəmər seriyası çərçivəsində ilin ilk turnirində medal sayına görə komandaların tutduqları yer açıqlanıb.
Azərtac xəbər verir ki, 34 ölkənin iştirak etdiyi yarışda Azərbaycan millisinin də qərarlaşdığı yer məlum olub.
Baş məşqçi Pedro Rokenin rəhbərlik etdiyi yığma 2 qızıl, 1 gümüş və 2 bürünc medalla kişi komandaları arasında ikinci yeri tutub. Birinci pillədə Rusiya (9-2-0) qərarlaşdığı halda, “üçlüy”ü İtaliya (1-1-1) qapayıb.
Qeyd edək ki, Qızıl kəmər seriyasında boksçularımızdan Ümid Rüstəmovla (57 kq) Nəbi İsgəndərov (67 kq) qızıl, Alfonso Dominqes (86 kq) gümüş, Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) bürünc medal qazanıb.