AZƏRBAYCAN XƏBƏRLƏRİ

Şuşada türk dünyası xalqlarının kulinariya günləri keçiriləcək

Türk dünyası dövlətlərinin aktiv və mədəni turizm sahəsində səyahətçi, bloger və digər şəxslərin Şuşaya səfərlərinin təşkili planlaşdırılır.
Sputnik
BAKI, 9 fevral — Sputnik. Bu il Şuşada türk dünyası xalqlarının adət və ənənələrini özündə əks etdirən tədbirlər təşkil ediləcək.
Bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
Həmçinin türk dünyası xalqlarına məxsus qədim idman növlərinin nümayiş etdirilməsi, türk dünyası xalqlarının kulinariya günlərinin keçirilməsi, Türk dünyası dövlətlərinin aktiv və mədəni turizm sahəsində səyahətçi, bloger və digər şəxslərin Şuşaya səfərlərinin təşkili planlaşdırılır.
Eyni zamanda il ərzində "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı" ili çərçivəsində beynəlxalq konfrans, elmi seminar və digər tədbirlər keçiriləcək. "Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış" mövzusunda beynəlxalq konfrans, "Əhməd bəy Ağaoğlu və Türk dünyası" mövzusunda beynəlxalq konfrans, "Şuşa Türk dünyası tarixində" mövzusunda beynəlxalq konfrans, "Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa" mövzusunda elmi seminar keçiriləcək və "Xarıbülbül əfsanəsi" sənədli filminin təqdimatı olacaq.
Tədbirlərin icraçı orqanları Gənclər və İdman Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyidir.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
"Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023" çərçivəsində hansı tədbirlər olacaq?