BAKI, 6 fevral — Sputnik. Türkiyədə bu gün baş verən zəlzələ Azərbaycanda da narahatlığa səbəb olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Türkiyədə baş verən zəlzələnin Azərbaycana təhlükəsi ola bilməz.
"Geoloji və tektonik quruluşca tamam başqa regiondur. Qırılmalarla əlaqədar Azərbaycan ərazisində olan seysmogen bölgələrdə zəlzələ ocaqlarını oyatma ehtimalı yoxdur", - deyə Q.Yetirmişli bildirib.
Mərkəz rəhbəri əlavə edib ki, Azərbaycanda onsuz da hər gün kiçik maqnitudalı zəlzələlər baş verir: "Hər gün kiçik təkanlarla müşayiət olunan 20-30 zəlzələ olur. Onun hiss olunanı da olur, hiss olunmayanı da. Yaxın günlər üçün Azərbaycanda dağıdıcı katostrofik zəlzələ gözlənilmir".
Qeyd edək ki, bu ilin yanvarın 28-də Naxçıvan seysmoloji stansiyasından 100 kilometr cənub-qərbdə - Türkiyə-İran sərhədində zəlzələ baş verib. Maqnitudası 5.9-a bərabər olan zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub.
Bundan əvvəl isə Gürcüstan-Azərbaycan sərhədində də zəlzələ olub. Təkanlar Zaqatala stansiyasından 29 km şimal-qərbdə Gürcüstan-Azərbaycan sərhəddində qeydə alınıb. Zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Məlumat üçün bildirək ki, yanvarın 29-da İranın Xoy şəhəri yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib.
Bu gün isə Türkiyədə Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən, 7 şəhərdə 7.4 maqnitudalı zəlzələ baş verib. Hadisə nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.