HADİSƏ

Qarlı hava şəraiti bir sıra qəzalara yol açıb

Son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı Qusarda 7 nəqliyyat hadisəsi olub
Sputnik
BAKI, 9 yanvar — Sputnik. Qarlı hava şəraiti bir sıra qəzalara yol açıb. Belə ki, Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Gəncə-Şəmkir magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" ilə "VAZ" minik avtomobili toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Salyanda isə iki "Kamaz" markalı maşının toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Kamaz" markalı yük maşını qarşıda gedən unla dolu eyni adlı yük maşınının qoşqusuna, sonra isə beton maneəyə çırpılıb. Hadisə zamanı qoşqu aşıb, un kisələri yola tökülüb. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəzada xəsarət alan sürücü hazırda komadadır.
Qeyd edək ki, Quba, Qusar və Xaçmazda 35 qəza olub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı Qusarda 7 nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib. Xaçmazda 13 nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 26 avtomobilə zərər dəyib.
Qubada 15 nəqliyyat hadisəsi olub, nəticədə xəsarət alan olmayıb, 27 avtomobilə zərər dəyib.
CƏMİYYƏT
Bakı ağ dona və problemlərə büründü