BAKI, 5 yanvar — Sputnik. Fransanın xarici işlər naziri Katrin Kolonna rəsmi Parisin Moskva ilə əlaqə saxlamaq istədiyi barədə açıqlama verib.
O, bu barədə yerli "LCI" telekanalına müsahibəsində bildirib.
"Bizim Rusiya ilə bütün səviyyələrdə əlaqələrimiz var və biz Rusiya ilə bu əlaqələri saxlamaq istəyirik... Sergey Lavrovla danışmaq imkanım oldu. Biz beynəlxalq konfranslarda, məsələn, "G20" çərçivəsində görüşdük. Bundan əlavə, bizim Rusiyada səfirimiz var", - deyə o, bildirib.
Fransa XİN rəhbərinin sözlərinə görə, tərəflər arasında diplomatik təmaslar fikir mübadiləsi aparmağa, mesajlar və sorğular göndərməyə imkan verir.
Daha əvvəl Katrin Kolonna Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışıqlarının hələ təyin olunmadığını, lakin bunun mümkün olduğunu bildirib. O xatırladıb ki, iki ölkə liderləri arasında keçmişdə faydalı ünsiyyət olub və bu ünsiyyət olduğu kimi faydalı qalır.