BAKI, 19 dekabr — Sputnik. Bakıda keçirilən "Vüqar Həşimov Memorialı" turnirinin ilk günündən sonra özbək qrossmeysteri Nodirbek Abdusattarov liderliyə yüksəlib.
Paytaxtın "Fairmont" hotelində on qrossmeysterin iştirakı ilə rapid və blits üzrə ənənəvi "Vüqar Həşimov Memorialı" şahmat turnirinə start verilib. İlk oyunun nəticəsinə görə, özbək qrossmeyster Nodirbek Abdusattarov rapiddə üç start oyununda qalib gələrək liderliyə yüksəlib. Onun "qurbanları" Fransisko Valyexo (İspaniya), Aydın Süleymanlı (Azərbaycan) və Şəhriyar Məmmədyarov (Azərbaycan) olub.
İlk gündə Abdulla Qədimbəyli (Azərbaycan) və Domaracu Qukeş (Hindistan) üzərində qələbə qazanan və Vanq Hao (Çin) ilə heç-heçə edən azərbaycanlı şahmatçı Rauf Məmmədov liderdən yarım xal geri qalıb.
Üç turdan sonra Vanq Hao, Valyexo Samuel Şenkland (ABŞ) iki xal, Qukeş, Məmmədyarov və Rixard Rapport (Rumıniya) hərəyə bir xal toplayıblar. Abdulla Qədimbəyli (Azərbaycan, 0,5 xal) və Aydın Süleymanlı (0) turnir cədvəlini qapayırlar.
Bazar ertəsi və çərşənbə axşamı iştirakçılar rapid üzrə oynamağa davam edəcəklər, sonra isə blits üzrə yarışda üzləşəcəklər.