BAKI, 9 dekabr — Sputnik. Bu gün Azərbaycan Memarlarının XX qurultayı keçirilib. Qurultayda mədəniyyət naziri Anar Kərimovla yanaşı, bir sıra mədəni-ictimai xadimlər iştirak edib.
Öncə qurultayda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin qurultay iştirakçılarına məktubunu oxuyub.
Müraciətdə deyilir ki, çoxəsrlik bir yol keçən və özünəməxsus dəst-xətti ilə hər zaman seçilən Azərbaycan memarlığı xalqımızın mədəniyyət salnaməsində layiqli yer tutur. Sənətkarlarımızın klassik Şərq ənənə və prinsiplərinə sədaqətlə yaratdıqları misilsiz memarlıq inciləri dünya mədəni irsinin ayrılmaz hissəsi olaraq hər birimiz üçün qürur mənbəyidir. Bitkin kompozisiyalı bu abidələrin təbii və mədəni landşaftla unikal ahəngdarlığı heyranlıq doğurur.
Dövlətimizin başçısının müraciətində vurğulanıb ki, dövrün arxitektura üslublarını və milli memarlığın böyük təcrübəsini özündə birləşdirən uğurlu layihələr əsasında ötən müddət ərzində Azərbaycanda şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik qiymətli nümunələri meydana gətirilmişdir. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə memarlıq və şəhər quruculuğu sahəsindəki yeni təzahürlər modern üslublu tikililərin və monumental komplekslərin dizayn həllində özünü qabarıq göstərmişdir.
Ardından çıxışlar başlayıb. Çıxışlar bitdikdən sonra Elbay Qasımzadə yenidən Memarlar İttifaqının sədri seçilib.