BAKI, 21 noyabr - Sputnik. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İsrail Xarici İşlər Nazirliyinin baş direktoru arasında telefon danışığı olub.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün "Twitter" hesabında yazıb.
O qeyd edib ki, bu gün baş tutan telefon danışığı zamanı İsrail XİN-in baş direktoru Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib.
Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycan Milli Məclisi noyabrın 18-də Azərbaycanın İsraildə səfirliyini təsis etmək barədə qərar verib. Bununla bağlı məsələ "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb. Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.
Bundan başqa, Azərbaycan Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisini təsis edib.
Qeyd edək ki, Azərbaycan parlamentinin bu qərarı İsraldə böyük coşğu ilə qarşılanıb. İsrailin Baş naziri Yair Lapid, müdafiə naziri Benni Qantz, İsrailin Xarici İşlər Nazirliyi və digər rəsmi şəxslər öz sosial şəbəkə hesablarında bu barədə pozitiv mesajlar paylaşıblar. Eyni zamanda Azərbaycanın dövlət rəsmilərinə və parlamentinə təşəkkür ediblər.