BAKI, 21 oktyabr - Sputnik. Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir. Azərtac xəbər verir ki, 38 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil olunun yarışda bu gün dörddəbir final mərhələsinə start verilib.
Keçirilən 20 döyüşün nəticəsinə əsasən beş çəki dərəcəsi üzrə yarımfinalçılar bəlli olub. Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı təmin ediblər.
Yığma üzvlərindən Ümid Rüstəmov, Maqsud Xasmetov, Nəbi İsgəndərov, Sərxan Əliyev, Mirşərif Kazımzadə və Eldar Quliyev dörddəbir final mərhələsini uğurla adlayıblar.
Qeyd edək ki, bu mərhələnin döyüşlərinə sabah yekun vurulacaq.
Azərbaycan Boks Federasiyasından verilən xəbərə görə, yarışda 38 komandanın 146 idmançısı qatılıb.
Qeyd edək ki, ölkə çempionatına oktyabrın 25-də yekun vurulacaq.