BAKI, 9 oktyabr - Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynada münaqişənin başlamasına görə Bayden administrasiyasını günahlandırıb. O bildirib ki, ABŞ hakimiyyəti "Putini ələ salıb".
Trampın sözlərinə görə, ABŞ Prezidenti Co Bayden administrasiyasının ritorikası Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlamasına səbəb olub.
Trampın fikirlərini "Newsweek" nəşri işıqlandırıb.
"Ölkəmiz və qondarma rəhbərliyimiz Putini məsxərəyə qoyub... Mən prezident olsaydım, Ukraynadakı münaqişə heç vaxt baş verməzdi", - deyə Tramp bildirib.
Tramp onu da qeyd edib ki, Ağ Evin rəhbəri olarkən həm Rusiya, həm də Ukrayna hakimiyyəti ilə yaxşı münasibətlər saxlamağa çalışıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bu yaxınlarda Rusiya nümayəndə heyətinin rəhbəri və prezidentinin köməkçisi Vladimir Medinski bəyan edib ki, Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır, danışıqlar prosesinin dondurulmasının təşəbbüskarı Kiyev olub.
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".