İDMAN

Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının Prezidentini qəbul edib

Görüşdə Azərbaycanla Beynəlxalq Şahmat Federasiyası arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Sputnik
BAKI, 3 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Şahmat Federasiyasının Prezidenti Arkadi Dvorkoviçi qəbul edib.
Görüşdə Azərbaycanla Beynəlxalq Şahmat Federasiyası arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Ölkəmizdə idmanın digər növləri kimi, şahmatın inkişafına da dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyi bildirildi. Azərbaycanlı şahmatçıların beynəlxalq yarışlarda qazandığı uğurlar qeyd olundu.
Söhbət zamanı ötən ay Şuşada keçirilən Beynəlxalq şahmat turnirinin əhəmiyyətinə toxunuldu, oktyabrın 2-də Arkadi Dvorkoviçin Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılışında iştirakından məmnunluq bildirildi.
Görüşdə gələcəkdə Azərbaycanda şahmat üzrə nəzərdə tutulan beynəlxalq əhəmiyyətli turnirlər barədə fikir mübadiləsi aparıldı.
Xatırladaq ki, Şuşada keçirilən ilk beynəlxalq şahmat turnirinə sentyabrın 24-də yekun vurulub, qaliblər müəyyənləşib.
Kişilərin yarışında 26 xal toplayan Şəhriyar Məmmədyarov, qadınlarda isə gürcü şahmatçı Meri Arabidze 24 xalla birinci yeri tutub.