BAKI, 26 sentyabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə İjevsk şəhərində məktəbdə baş vermiş atışmada insanların ölümü ilə bağlı başsağlığı verib.
Bu barədə Azərbaycanın dövlət başçısının mətbuat xidməti məlumat verib.
Məktubda deyilir:
"Hörmətli Vladimir Vladimiroviç,
İjevsk şəhərində 88 saylı məktəbdə baş verən atışma nəticəsində uşaqların və böyüklərin həlak olması xəbəri məni çox sarsıtdı.
Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün yaralananların tezliklə sağalmasını arzulayıram".
Bazar ertəsi İjevskdə 88 nömrəli məktəbdə naməlum şəxs atəş açıb, silahlı şəxs daha sonra intihar edib. Son məlumatlara görə, 15 nəfər cinayətin qurbanı olub, onlardan 11-i uşaqdır. hadisə nəticəsində 21 nəfər, o cümlədən 18 məktəbli yaralanıb.