BAKI, 20 sentyabr - Sputnik. ABŞ dövlət katibi Entoni Blinken çərşənbə axşamı Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüş keçirib. O, digər məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında nizamlanmanı, Ukrayna ətrafındakı vəziyyəti, Qara dəniz vasitəsilə ərzaq ixracı ilə bağlı taxıl sazişini də müzakirə edib. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı açıqlamasında deyilir.
Blinken və Çavuşoğlu “Cənubi Qafqazdakı gərgin vəziyyəti müzakirə ediblər və dövlət katibi qeyd edib ki, "Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında dialoqu təşviq etmək və münaqişənin uzunmüddətli siyasi həllinə kömək etmək üçün fəaliyyətini davam etdirir”.
“Onlar həmçinin Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyata cavab olaraq NATO-nun koordinasiyasını və birliyini gücləndirmək yollarını müzakirə ediblər”, - açıqlamada bildirilir.
Blinken həmçinin "Ukrayna taxılının Qara dəniz vasitəsilə tədarükünün davam etdirilməsinə yönəlmiş diplomatik səylərə görə Türkiyəyə təşəkkür edib və BMT-nin vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların saxlanmasının və Moskvanın üzərinə götürdüyü öhdəliklərə görə cavabdeh olmasının vacibliyini vurğulayıb".