BAKI, 19 sentyabr - Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasının qrupu Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması üçün təkliflər hazırlayıb.
Bu barədə KTMT-nin Birgə Qərargahının mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilir ki, bu gün Ermənistanın Müdafiə Nazirliyində KTMT-nin bu ölkədəki missiyası qrupunun işinin yekunlarına dair iclas keçirilib. Qrupa rəhbərlik edən general-polkovnik Anatoli Sidorov Ermənistanla Azərbaycan arasında sərhəddə müəyyən ərazilərdə vəziyyətin təhlilinin nəticələri, əsas nəticələr və müvafiq tədbirlərə dair təkliflər haqqında Ermənistanın müdafiə nazirinə məlumat verib.
"KTMT qrupunun rəhbəri, general-polkovnik Anatoli Sidorov Ermənistanın müdafiə naziri Suren Papikyana Ermənistanla Azərbaycan sərhədində müəyyən ərazilərdə vəziyyətin təhlili barədə məlumat verib. Daha sonra general-polkovnik Sidorov əsas nəticələri və müvafiq tədbirlərlə bağlı təklifləri təqdim edib. Təkliflər yaranmış gərginliyi azaltmağa yönəlib", - məlumatda deyilir.
Bildirilir ki, konstruktiv fikir mübadiləsi aparılıb. Hazırlanan təkliflər yaranmış gərginliyin azaldılmasına yönəlib.
Qeyd edək ki, Müdafiə Nazirliyində keçirilən görüşdən sonra KTMT missiyasının qrupu Moskvaya yola düşüb.
Anatoli Sidorov Ermənistanın Azərbaycan sərhəddində törətdiyi genişmiqyaslı təxribatın ardından Ermənistanın təşkilatdan hərbi yardım istəməsindən sonra KTMT Birləşmiş Qərargahının rəhbəri kimi Ermənistana gəlib.