İDMAN

Azərbaycan cüdoçusu Praqada keçirilən Avropa çempionatında günün qəhrəmanı olub

Çexiyada keçirilən gənclər arasında qitə çempionatının ilk iki yarış gününün nəticələrinə görə Azərbaycan komandası üç medal qazanıb.
Sputnik
BAKI, 17 sentyabr - Sputnik. Azərbaycan cüdoçusu Elcan Hacıyev (81 kq) Çexiyada keçirilən gənclər arasında Avropa çempionatında günün qəhrəmanı olub.
Praqada keçirilən gənclər arasında qitə birinciliyinin növbəti yarış günündə Azərbaycan tatami ustaları iki qızıl medal qazanıblar.
Onlardan biri finala gedən yolda Marko Yanker (Monteneqro), Georgi Cabinaşvili (Gürcüstan), Velemir Kosoviç (Serbiya) və Adam Koptskini (Çexiya) məğlub edən Elcan Hacıyevin hesabındadır. Finalda Hacıyev italiyalı Brayt Madaloni üzərində qələbə qazanıb.
Azərbaycan təmsilçisi qızıl medalla yanaşı, həm də Avropa Cüdo İttifaqı tərəfindən qitə birinciliyinin gününün qəhrəmanı elan edilib.
Daha bir qızıl medalı çempionatda Kjartan Hrendarsson (İslandiya), Kote Kapanadze (Gürcüstan), Vinçenzo Pelliqri (İtaliya), Qergeli Adoryanı (Macarıstan) üstələyərək, Luici Sentrasionu (İtaliya) məğlub edən Vüsal Qələndərzadə (73 kq) qazanıb.
Ümumilikdə Azərbaycan millisinin Avropa çempionatında üç medalı var. İlk yarış günündə Turan Bayramov (66 kq) gümüş medal qazanıb.
Şənbə günü, sentyabrın 17-də daha beş Azərbaycan cüdoçusu tatamiyə çıxacaq.