BAKI, 15 sentyabr - Sputnik. Azərbaycanın "Qarabağ" futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Baş məşqçi Qurban Qurbanovun yetirmələri G qrupunun II turunda Bakıda Fransanın "Nant" klubununa 3:0 hesabı ilə qalib gəlib.
Oyundan əvvəl Tofiq Bəhramov adına Respublika stadionundakı azarkeşlər qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini sükutla yad ediblər.
Görüşün ilk 10 dəqiqəsi kəşfiyyat xarakteri dayışıb. 14-cü dəqiqədə Fransa təmsilçisinin futbolçusu Moyzes Simonun fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev mane olub. "Köhlən atlar" ilk hissənin ortalarından təşəbbüsü ələ alıb.
Oyunun 60-cı dəqiqəsində 25 yaşlı qanalı hücumçu Kvabena Ovusu hesabı açmağa müvəffəq olub. Bundan 5 dəqiqə sonra Kadi Borgesin ötürməsindən sonra Abdullah Zubir hesab arasındakı fərqi artırıb.
Oyunun 72-ci dəqiqəsində Marko Yankoviç baxımlı qola imza ataraq qonaqları bir daha oyuna mərkəzdən başlamağa məcbur edib.
Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən "Qarabağ" qrup mərhələsində ilk qələbəsini qazanıb.