İDMAN

DYP "Qarabağ"ın oyunu ilə bağlı çağırış edib

DYP "Qarabağ" - "Nant" arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunla bağlı vətəndaşlara müraciət edib
Sputnik
BAKI, 15 sentyabr — Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) "Qarabağ" - "Nant" oyunu ilə bağlı vətəndaşlara müraciət edib.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, azarkeşlərə oyun keçirilən əraziyə gələrkən ictimai nəqliyyata üstünlük vermələri tövsiyə olunur:
"UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ" saat 20:45-də Fransanın "Nant" klubu ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq.
Bildiyiniz kimi, stadion ictimai nəqliyyat üçün əlverişli yerdədir. Belə ki ərazidə metronun "Gənclik" stansiyasının olması, avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir".
"Komandamızının oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər", - deyə o əlavə edib.
Oyunun keçirildiyi əraziyə 1 saat əvvəldən gəlmk tövsiyə edilir.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin II turunun "Qarabağ" – "Nant" oyunu bir dəqiqəlik sükutla başlamayacaq.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə qeyd edib ki, Azərbaycan – Ermənistan sərhədində dünyasını dəyişən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad olunması üçün UEFA-ya göndərilən müraciətə cavabda bildirilib ki, qitə futbol qurumu avrokubok görüşündə belə addım atılmasına icazə verməyib.
UEFA-nın cavabında bildirilib ki, narahatlıq başa düşüləndir, anlayışla qarşılayırıq, lakin bu məsələ futbolla bağlı olmadığı üçün icazə verə bilmərik.