BAKI, 5 sentyabr — Sputnik. Baş Prokurorluq meşə yanğınları ilə bağlı vətəndaşlara müraciət edib.
Müraciətdə bildirilib ki, ölkəmizdə baş verən meşə yanğınlarının əsas səbəblərindən biri kənd təsərrüfatı bitkilərinin əkilməsindən əvvəl və ya yığılmasından sonra həmin torpaq sahəsinin təhlükəsizlik qaydalarına əməl edilmədən yandırılmasıdır:
"Ehtiyatsızlıq səbəbindən baş verən yanğınlara görə şəxslər inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilərlər".
Xatırladaq ki, avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. FHN-in müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Sentyabrın 2-dən etibarən isə Oğuz, Qəbələ və İsmayıllı rayonlarında meşə yanğınları baş verib.