İDMAN

Azərbaycanlı şahmatçı Avropa çempionatının liderləri sırasına daxil olub

Günay Məmmədzadə Praqada keçirilən qitə çempionatının ikinci turunda Ermənistan təmsilçisinə qalib gələrək ikinci yeri tutub.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Praqada qadınlar arasında keçirilən Avropa çempionatında Azərbaycan şahmatçısı Günay Məmmədzadə (2466) liderlər sırasındadır.
Avropa çempionatının başa çatmasına iki tur qalmış o, yeddi xal toplayıb və lider olan polyak Monika Soçkodan (2423) yarım xal geri qalaraq ikinci yerin sahibi olub. Doqquzuncu tur çərçivəsində azərbaycanlı şahmatçı erməni şahmatçısı Mariya Gevorkyanı (2210) məğlub edib, əvvəlki görüşdə isə Soçkoya uduzub.
Ümumilikdə, doqquz turda Günay altı oyunda qalib gəlib, iki görüşü heç-heçə ilə bitirib, bir oyunda isə məğlub olub.
Onuncu tur çərçivəsində Məmmədzadə erməni şahmatçısı Elina Danielyanla (2441) qara rəngli fiqurlarla oynayacaq.
Azərbaycanın daha iki təmsilçisi - Ülviyyə Fətəliyeva (2413) və Gülnar Məmmədova (2380) hər biri 6,5 xal toplayaraq, müvafiq olaraq dördüncü və beşinci yerlərdə qərarlaşıblar. Məmmədzadədən fərqli olaraq, onlar heç bir oyunda uduzmayıblar, sadəcə olaraq oyunda daha az qalib gəliblər. Onlar dörd qələbə və beş heç-heçə ilə nəticələnən oyunlar sərgiləyiblər.
Bundan başqa, daha iki azərbaycanlı şahmatçı Xanım Balacayeva (2344) və Gövhər Beydullayeva (2339) hər biri altı xal toplayaraq, müvafiq olaraq 19-cu və 17-ci pillələrdə qərarlaşıblar.
https://az.sputniknews.ru/20220830/shakhmatistka-iz-azerbaydzhana-voshla-v-chislo-liderov-chempionata-evropy-445505457.html