CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubada un növbəsi yarandı

Rayonlarda 50 kiloqramlıq unun bir kisəsinin qiyməti 45 manata qalxıb.
Sputnik
BAKI, 19 avqust — Sputnik. Qubanın anbarlarında un ehtiyatları tükənib. Bunu Sputnik Azərbaycan-a şəhər bələdiyyəsinin başçısı Elvin Hüseynov bildirib.
Dünəndən etibarən rayon mərkəzində un əldə etmək istəyən vətəndaşlar satış məntəqələrinin qarşısına toplaşıb. Nəzərə alaq ki, bir gün əvvəl alıcı birdən 6-8 kisə un ala bilirdi.
"Vəziyyəti nəzarətə götürməli olduq. Hamıya unun çatması üçün hər alıcıya bir kisədən artıq un satılmayıb. Hazırda isə un yoxdur. Qiymət artımından sonra tədarük olmayıb", - Hüseynov bildirib.
Dünən hətta qonşu Xaçmaz və Qusar rayonlarının sakinləri də un almaq üçün Qubaya gəliblər. Belə ki, orada un bir neçə gün əvvəl bahalaşıb (indiki qiymət 43-45 manat təşkil edir).
Hüseynovun sözlərinə görə, rayon mərkəzinə hər gün 25-30 tona yaxın (600-700 kisə) un gətirilir.
Bir gün əvvəl 50 kq çəkisi olan un kisəsi 37,5 manata satılıb. Bu gün topdan satıcılar qiyməti qaldırıb – "Karmen" brendi 40,7 manata, "Sarısünbül" isə alıcılara 40,8 manata təklif olunur.
Qubaya yeni un partiyasının yalnız avqustun 20-də gətiriləcəyi güman edilir.
Məlumatlara görə, analoji hadisə bu gün Şamaxıda da yaşanıb. Şamaxıda sakinlər un almaq üçün uzun növbə gözləməli olublar.
Xatırladaq ki, bu gündən 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat müəyyən edilib. Bunun yeni qiymətinə uyğun olaraq 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qramlıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qramlıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edəcək.
CƏMİYYƏT
Çörək və un məmulatları da bahalaşdı - videoreportaj