AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda bu il nə qədər taxıl biçilib?

Ən yüksək məhsuldarlıq Hacıqabul , Bərdə , Tovuz , Sabirabad , Tərtər , Saatlı, Ağcabədi, Ağdam rayonlarında olub.
Sputnik
BAKI, 19 avqust — Sputnik. Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci il avqust ayının 16-na olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 955,2 min hektar sahənin 936,5 min hektarı və yaxud 98,0 faizi biçilərək məhsulu yığılıb.
Sahələrdən 2850,0 min ton məhsul toplanmış, məhsuldarlıq 30,4 sentnerə bərabər olubdur. Məhsulun 1731,8 min tonunu və yaxud 60,8 faizini buğda, 1092,0 min tonunu (38,3 faizini) arpa, 26,2 min tonunu (0,9 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.
Respublikanın 23 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 31 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilmiş, digərlərində isə biçinin aparılması səviyyəsi 90,0 faizdən aşağı olub.
Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 44,7 sentner), Bərdə (müvafiq olaraq 44,3), Tovuz (42,8), Sabirabad (42,6), Tərtər (40,9), Saatlı (40,7), Ağcabədi (40,4), Ağdam (40,3), Samux (40,0), İmişli (39,4) və Beyləqan (37,7) rayonlarında olub.
Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (192,3 min ton), Kürdəmir (135,1 min ton), Füzuli (125,7 min ton), Ağsu (115,6 min ton), Ağcabədi (113,8 min ton), İsmayıllı (110,7 min ton), Biləsuvar (96,7 min ton) və Sabirabad (93,1 min ton) rayonlarında müşahidə olub.
Qeyd edək ki, bu gündən Azərbaycanda unun və çörəyin qiymətin bahalaşıb. 50 kiloqramlıq unun ən yuxarı həddi 40 manat 70 qəpik, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik olub.
CƏMİYYƏT
Çörək və un məmulatları da bahalaşdı - videoreportaj