BAKI, 16 avqust - Sputnik. Ermənistanda İrəvanın “Sürməli” ticarət mərkəzində baş verən partlayışda çoxsaylı insan ölümləri ilə bağlı 17-18 avqust tarixlərində 2 günlük matəm elan olunub.
Sputnik Ermənistanın məlumatına görə, Baş nazir Nikol Paşinyan bu barədə qərar imzalayıb.
“2022-ci il avqustun 14-də “İrəvan Konserv Zavodu” QSC-nin ərazisində baş vermiş yanğın və partlayış nəticəsində həlak olan vətəndaşların xatirəsinə 2022-ci il avqustun 17 və 18-də Ermənistan ərazisində matəm elan edilsin", - Baş nazir Nikol Paşinyanın imzaladığı qərarda deyilir.
Avqustun 14-də günorta İrəvanda “Sürməli” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Yanğını 2 gün sonra - avqustun 16-da tam söndürmək mümkün olub.
Rəsmi məlumata görə, hadisə nəticəsində 16 nəfər ölüb, 3 nəfər itkin düşüb, 62 nəfər yaralanıb, 7 nəfər müxtəlif tibb məntəqələrində müalicə olunur.
Partlayış pirotexnika məmulatlarının satıldığı mağazasında baş verib. Fövqəladə Hallar Nazirliyində terror aktı versiyası istisna edilir. Ermənistanın İstintaq Komitəsi faktla bağlı “səhlənkarlıqdan insan ölümünə səbəb olan yanar maddələrin saxlanması qaydalarını pozma” və “yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olma” maddələri ilə cinayət işi açıb.