BAKI, 29 iyul — Sputnik. Ukrayna böhranı Şərqi və Qərbi Almaniyanın baxışlarında, demək olar ki, heç vaxt görünməmiş ciddi uçurumu ortaya qoyub. "Der Tagesspiegel" qəzeti "Forsa" araşdırma şirkətinin məlumatlarına istinadən yazır ki, bu regionların sakinləri Ukrayna məsələsinə "çox fərqli qiymətlər verir".
"Forsa"nın araşdırmasına görə, Almaniyanın şərqində nəzərəçarpacaq dərəcədə daha çox respondent (34%) deyir ki, Almaniya hökuməti Kiyevi dəstəkləmək üçün çox şey edir. Bu arada ölkənin qərbində bu fikri respondentlərin, təxminən, 18%-i bölüşür.
Fərq silah tədarükü məsələsində də nəzərə çarpıb. Qeyd olunur ki, bu ilin may ayının əvvəlindən bəri bütün sorğularda Qərbi Almaniyada respondentlərin 54%-dən 61%-ə qədəri Berlin tərəfindən Kiyevə ağır silahların verilməsinin tərəfdarı olub, Almaniyanın şərqində isə bu rəqəm, orta hesabla 32%-dir.
Qeyd olunur ki, Şərqi və Qərbi Almaniyada Berlindən Kiyevə dəstək məsələsində fərq artıq orta hesabla 16%, Ukraynaya silah tədarükü ilə bağlı fikir ayrılığı isə 26% təşkil edir.