BAKI, 17 iyul - Sputnik. Belarus ordusu yaxın gələcəkdə S-400 hava hücumundan müdafiə sistemi ilə silahlanacaq. Bunu Belarus Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanının müavini Dmitri Mixolap deyib.
“Məsələ üzərində iş gedir və yaxın gələcəkdə bizim Mi-35 hücum helikopterimiz, həmçinin S-400 zenit-raket kompleksimiz olacaq”, - deyə Mixolap STV-yə bazar günü nümayiş olunan müsahibəsində bildirib.
Xatırladaq ki, cari ilin may ayında Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk Rusiyadan “lazımi miqdarda” "İsgəndər" və S-400 kompleksləri alıb.
Daha əvvəl o, fevralda keçirilən “İttifaq yenilməzliyi - 2022” Belarus-Rusiya birgə təlimləri zamanı istifadə edilən və Minskin öz ərazisində daimi olaraq görmək istədiyi, maraqlı Rusiya hərbi texnikasının bir neçə variantının olduğunu bildirmişdi.
Bundan əvvəl Prezident həmçinin qeyd edib ki, respublikada Rusiya Federasiyası ilə birgə yaradılmış Döyüş Hazırlığı Mərkəzində döyüşə hazır vəziyyətdə olan S-400 sistemi var.