BAKI, 12 iyul - Sputnik. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra azarkeşlərə təşəkkür edib.
"İlk olaraq bizim möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Birinci oyundan sonra hamı rəqibin fanatlarından danışırdı. Mən də bildirmişdim ki, bizim tərəfdarlar onlardan zəif deyil. Bunun da şahidi olduq. 10 milyon azərbaycanlı bizimlə idi. Bu gün onu hiss etdik", - o, deyib.
Q.Qurbanov Polşa çempionuna qalib gəldikləri üçün futbolçulara əhsən deyib:
"Hesab hamını aldada bilər. Dinamik komandaya qalib gəlmişik. Oyunçularımın hər birinə təşəkkür edirəm. Onlar bu oyuna tam hazır idilər və qələbəyə layiq idilər".
Qurbanov rəqibi 5 qolla məğlub etmələrinə toxunaraq deyib ki, belə hesab gözləmirdi:
"Həqiqətən güclü rəqibə qarşı oynayırdıq. Futbol elə səviyyəyə gəlib ki, istənilən oyunda böyük hesablı nəticə ola bilər. Azarkeşlər bu nəticəyə layiq idilər. Biz qalib gələcəyimizə inanırdıq".
Təcrübəli baş məşqçi II təsnifat mərhələsində üz-üzə gələcəkləri İsveçrə “Sürix”i haqqında deyib ki, bugünədək həmin rəqibə baxmayıb. Ancaq "Lex"lə oyunlara köklənib.
"Yaxşı komandaya qarşı oynayacağıq. Rəqibi daha yaxından tanımağa çalışacağıq. Layiqli oyun göstərmək istəyirik", - Qurbanov əlavə edib.
Xatırladaq ki, bu gün Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu keçirilib. Oyunda Ağdam klubu 5:1 hesabı ilə rəqibini darmadağın edib.