BAKI, 7 iyul — Sputnik. Tıxacların yaranmasına səbəb olan əsas nüanslardan biri də parklanma yerlərinin olmamasıdır. Belə olan halda sürücülər məcbur olaraq avtomobillərini yolun kənarında saxlamalı olurlar.
Bunu nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.
O bildirir ki, müəyyən yaşayış binaları, iş yerləri, ticarət mərkəzlərinin sahiblərindən bunadək parklanma yerinin olması tələb edilməyib:
"Biz təcrübəmizdə belə bir halı müşahidə etməmişik. Əslində bununla bağlı iş aparılmalıdır. Çünki şəhərsalma norma və qaydalarına görə hər bir obyektin - yəni yaşayış yerinin sakinlərinin, iş yeridirsə, işçilərin sayının minimum həddinə görə parklanma yeri olmalıdır".
Ekspertin sözlərinə görə, 2019-2023-cü illərə dair beşillik dövlət proqramında da təsbit edilib ki, müvafiq qurum Bakı şəhərində parklanma yerlərinin təşkilini həyata keçirməli, parklanma yeri olmayan qurumlarla iş aparılmalı, onların qarşısında parklanma yerlərinin təşkili ilə bağlı məsələ qaldırılmalıdır.
E.Cəfərov deyib ki, ən böyük problemlərdən biri də xəstəxanaların, ticarət mərkəzlərinin parklanma yerlərinin olmamasıdır.
"Bəzi aidiyyəti qurumlarda çalışanların dövlət proqramlarından xəbərləri yoxdur", - ekspert əlavə edib.