DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Finlandiya İsveç olmadan NATO-ya daxil olmayacaq

Finlandiya prezidenti Sauli Niinistö: Biz İsveçlə əl-ələ verib irəliləyirik
Sputnik
BAKI, 13 iyun — Sputnik. İsveç olmadan Finlandiya NATO-ya üzv olmayacaq.
Bu barədə Finlandiya prezidenti Sauli Niinistö, Helsinkidəki mətbuat konfransında jurnalistlərə bildirib.
Helsinkidə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında Niinistö bunları deyib: "Mən sonuncu dəfə İsveçə səfər edəndə bunu çox açıq şəkildə söylədim. İsveçdə deyirlər ki, Fin məsələsi bizim işimizdir. Eyni şəkildə İsveç məsələsi də bizim işimizdir, bu da o deməkdir ki, biz əl-ələ verib irəliləyirik".
O qeyd edib ki, Türkiyənin Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsi onun üçün sürpriz olub.
"Türkiyənin mövqeyi məni təəccübləndirdi, lakin biz onun narahatlığını ifadə etdiyi mövzuları ciddi qəbul etməliyik," - deyən Finlandiya lideri "hər kəsə uyğun bir həll tapmağın mümkün olacağına" ümid etdiyini bildirib.
Stoltenberq, öz növbəsində, Türkiyənin tələblərindən danışaraq deyib: "Bunlar haqlı narahatlıqlardır, biz terrordan danışırıq, biz silah ixracından danışırıq".
Onun sözlərinə görə, "xatırlamaq və anlamaq lazımdır ki, heç bir NATO müttəfiqi Türkiyədən daha çox terror hücumuna məruz qalmayıb".
Finlandiya və İsveç mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət ediblər. Lakin Türkiyə hazırda bu müraciətlərə baxılmasını əngəlləyir. Ankaranın Skandinaviya ölkələrinə qarşı bir sıra iddiaları var: xüsusən də onları Türkiyədə terrorçu sayılan kürd qruplaşmalarını dəstəkləməkdə ittiham edir.
DÜNYA XƏBƏRLƏRİ
Finlandiya və İsveçin NATO-ya qəbulu Türkiyənin etirazına görə gecikdirilir - Stoltenberq