İDMAN

Formula 1: Azərbaycan Qran-prisində əsas yarış başladı

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib və əsas yarış start götürüb.
Sputnik
BAKI, 12 iyun - Sputnik. "Formula 1" üzrə Azərbaycan Qran-prisində son - əsas yarış start götürüb.
51 dövrənin yekununda yarışın qalibi bəlli olacaq.
"Ferrari"nin sürücüsü Şarl Lekler iyunun 11-də sıralama turunda bütün rəqiblərini qabaqladığı üçün mübarizəyə hamıdan öndə başlayıb. "Red Bull" pilotları Serxio Peres və Maks Ferstappen 2-3-cü yerləri tutub.
Hazırkı dünya çempionu Ferstappen 125 xalla liderdir. Lekler 116 xalla ikinci, Peres 110 xalla üçüncü pillədə qərarlaşıb.
Günün ilk yarısında "Prema Racing"dən Dennis Hauger "Formula 2"nin qalibi olub.
Qeyd edək ki, "Formula 1" yarışı 6-cı dəfə Azərbaycanda təşkil olunur. Bakıdakı əvvəlki yarışlarda "Mercedes"in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, "Red Bull"un keçmiş pilotu, hazırda "McLaren"da çıxış edən Daniel Rikkardo (2017), "Mercedes"dən Lüis Hemilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və "Red Bull"da çıxış edən Serxio Peres (2021) qalib olub. 2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə ləğv edilib.
***
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib.
Mərasim əsas yarışdan əvvəl baş tutub. Koronavirus pandemiyası səbəbindən ötən il tamaşaçısız təşkil olunan yarışın budəfəki təqdimat mərasimi dolu tribunalar önündə olub.
“Lumineux” vokal-xor ansamblı və “SOS Uşaq Kəndləri Azərbaycan” nın uşaqları Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib.
Qeyd edək ki, əsas yarış saat 15:00-da başlayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İDMAN
Formula 2: Qaliblər mükafatlandırıldı