CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Formula-1" yarışları turizm sənayesində necə canlanma yaradır?

Gülnar Mustafayeva bildirib ki, "Formula -1" həm öz-özlüyündə bir turizm hadisəsidir, həmçinin ölkəmizin tanıtımı baxımından marketinq tədbiridir.
Sputnik
BAKI, 10 iyun — Sputnik. Bu gün "Formula-1" və "Formula-2" üzrə Azərbaycan Qran-prisinə start verilib. Artıq altıncı ildir ki, "Formula-1" yarışı Bakıda keçirlir. Formula Qran-prisinin keçirilməsi ilə əlaqədar paytaxtda çoxlu sayda turist müşahidə olunur.
Bəs görəsən Formula yarışları ölkəmizdə turizmin inkişafına hansı töhfəni verəcək?
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yarışı izləmək üçün nə qədər turist gəldiyini açıqlamır. Qurumun bilet satışı ilə bağlı yeganə məlumatı odur ki, yarışa Filarmoniya tribuna biletləri tam olaraq satılıb.
Dövlət Turizm Agentliyinin (DTA) Media və ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Gülnar Mustafayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Formula kimi tədbirlər turizmin inkişafına müsbət təsir göstərir. "Formula-1" Bakı Qran-prisinin keçirilməsi ölkəmizin turizm sənayesində canlanma yaradır. Artıq F1 oyunları ilə bağlı paytaxtda yerləşən hotellərdə doluluq müşahidə olunur.
G. Mustafayeva bunun Bakı və Bakıətrafı turlara təlabatı da artırdığını bildirib.
""Formula -1 həm öz-özlüyündə bir turizm hadisəsidir, həmçinin ölkəmizin tanıtımı baxımından bir marketinq tədbiridir. Bu yarış vasitəsilə həm ölkəmizin, həm də Bakının tanıtımı prosesi baş verir", - deyən agentlik sözçüsü əlavə edib ki, "Formula-1" yarışı təkcə yarışın keçirildiyi dövrdə ölkəmizə turist axınına səbəb olmur. Yarışı dünyanın müxtəlif ölkələrindən yarım milyard tamaşaçı izlədiyindən, "F1" yarışlarının izləyiciləri də ölkəmizlə maraqlanır, bura turist kimi gəlmək istəyirlər.
"Bu, təkcə burada iştirakla ölçülmür. "Formula -1" yarışlarına marağı təkcə bilet satışına görə dəyərləndirmək düzgün deyil. Ola bilər ki, yarış keçirilən ərəfədə müəyyən qədər turist Bakıya gəlməsin, amma yarışdan sonra onlarda Azərbaycanı, Bakını görməyə maraq oyansın", - G.Mustafayeva deyib.
Yarışı beynəlxalq medianın işıqlandırması da turizmin təbliği baxımından önəmlidir
G. Mustafayeva deyir ki, bu ilin yanvar ayından başlayaraq ölkəmizə gələn turist sayında artım qeydə alınıb. İlin əvvəlində ötən illə müqayisədə 50 faiz artım proqnozlaşdırılırdısa, bu ilin yanvar-may ayının statistikası artımın 50 faizi keçdiyini göstərir: "Ötən ilin may ayı ilə müqayisədə bu ilin may ayında ölkəmizə gələn turist sayında 166 faiz artım var. Ölkəmizə 137 mindən çox turist gəlib. Yanvar-may ayında isə bu rəqəm 468 mindən çox olub. Bu da ötən ilin yanvar-may ayı ilə müqayisədə 118 faiz artım deməkdir".
DTA nümayəndəsinin sözlərinə görə, Instaqram üzərindən aparılan araşdırmalar göstərir ki, turistlər arasında şəhər turlarına maraq üstünlük təşkil edir. Ondan sonra isə təbiət turları yer tutur.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Formula-1" yarışlarını izləməyə gələn turistlər artıq Bakıdadır. Onun sözlərinə görə, bu yarışlar milyonlarla insanın diqqətini Azərbaycana yönəltmək üçün çox yaxşı fürsətdir. Azərbaycan bu fürsətdən lazımınca bəhrələnməlidir.
Həmsöhbətimiz deyir ki, F1 yarışlarının ölkəmizə turizm baxımından faydası yarışlar başa çatdıqdan sonra da hiss olunacaq:
"" Frormula-1" yarışları Bakıda keçirildiyindən, insanların diqqəti əsasən şəhərə fokuslanır. Şəhərdəki hotellərdə doluluq müşahidə olunur. Sözsüz ki, yarışları izləməyə gələn turistlərin bir qismi yarış bitdikdən sonra regionlara da üz tutacaq. Amma biz F1 yarışlarının təsirini yarış başa çatdıqdan sonra, turizm mövsümü boyunca da hiss edəcəyik. Yarışı izləyənlər yay mövsümündə istirahət üçün Azərbaycanı seçə bilərlər. "Formula-1" yarışlarının telekanallarda nümayiş olunması ölkəmizlə bağlı maraq oyadır".
Azərbaycana gələn turistlər ən çox haranı seçir?
Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən sosial media istifadəçilərinin ölkə üzrə üstünlük verdiyi turistik məkanların "turizm xəritəsi"nin müəyyənləşdirilməsi, həmin məkanlar haqqında məlumatlılıq və aktuallıq səviyyəsinin yoxlanılması məqsədilə "Instagram" sosial şəbəkəsinin 2018-2021-ci illəri əhatə edən təhlil nəticələri üzrə hesabat hazırlanıb.
Araşdırma 70 fərqli məkan üzrə paylaşımların sayı, bəyənilmə statistikası, dil faktoruna əsasən səyahət istiqamətlərinin və səfərlərin mövsümiliyinin aşkar edilməsini və müvafiq olaraq proqnozlar verilməsini hədəfləyir.
Araşdırmada seçilmiş məkanlar təbiət, xüsusi maraq və şəhər təcrübəsi, sağlamlıq, mədəniyyət və tarix kimi 4 kateqoriya əsasında təsnifatlaşdırılıb.
Paylaşım sayına görə təbiət kateqoriyası 43.8%-lə birinci sırada, 38.7%-lə xüsusi maraq və şəhər təcrübəsi ikinci sırada, 12.79%-lə mədəniyyət və tarix üçüncü sırada, 4.7%-lə isə sağlamlıq kateqoriyası dördüncü sırada qərarlaşıb.
Mövsümə uyğun təsnifatlaşdırmaya əsasən yaz və qış mövsümü üzrə edilmiş paylaşımlarda xüsusi maraq və şəhər təcrübəsi, yay və payız mövsümündə olan paylaşımlarda təbiət kateqoriyası üstünlük təşkil edir.
Təhlilə əsasən yay aylarında təbiət kateqoriyasında yer alan məkanlarda həyata keçirilən paylaşımların qış aylarından 4 dəfə daha çox olduğu müəyyənləşib. Oxşar göstəricilər mədəni və tarixi turizm məkanlarında da qeydə alınıbdır ki, bu destinasiyaların da yaz və yay mövsümlərində daha çox turistlər tərəfindən ziyarət olunduğu müşahidə edilir.
Paylaşımların 79%-ə yaxını Azərbaycan dilində, daha sonra isə ingilis, rus, fars, ispan, italyan və digər dillər üzrə edilib.
Təhlillər nəticəsində müəyyən olunub ki, əcnəbi turistlər arasında xüsusi maraq və şəhər təcrübəsi üzrə turlara maraq digər kateqoriyalara nisbətən daha yüksəkdir ki, bu da həmin istiqamətdəki paylaşımların təxminən 48%-ni əhatə edir.
Tədqiqat nəticələrinə əsasən müvafiq olaraq 21%, 19%, 18% və 12% göstəricilərlə Göygöl, Lerik, Qəbələ və Quba təbiət kateqoriyası üzrə ilk sıralardadır.
Paylaşımlara əsasən ən populyar şəhərlər Bakı (63 min), Qəbələ (50 min), Qusar (30 min), Lerik (22 min) və Qubadır (20 min).
Qeyd edək ki, turizm potensialının düzgün təhlili və yeni imkanların araşdırılması, o cümlədən marketinq fəaliyyətinin həyata keçirilməsi üçün instaqram sosial şəbəkəsinin təhlili son dövrlərdə beynəlxalq təcrübədə geniş istifadə olunmağa başlanılıb.
Məlumat üçün bildirək ki, "Formula-1" yarışı Bakıdakı 6-cı Qran-pri kimi tarixə düşəcək. Azarkeşlər 3 illik fasilədən sonra Qran-prini tribunalardan izləyə biləcəklər. İlk yarış günündə "Formula-1"də iki sərbəst yürüş, "Formula-2"də isə sərbəst yürüş və sıralama turu gerçəkləşəcək. Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İDMAN
Formula 2: Yarışda növbəti qəza baş verib