RUSİYA

Lavrov: "Ermənistan və Azərbaycan arasında yekun razılaşmalar əldə olunacaq"

Rusiyanın xarici işlər naziri bildirib ki, tempin daha sürətli olmasını istərdik, lakin buna baxmayaraq, proses gedir və mühüm müsbət nəticələr əldə edilir.
Sputnik
BAKI, 9 iyun — Sputnik. Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına töhfə verməyə hazır olduğunu bildirib. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Biz, Ararat Mirzoyanın dediyi kimi, Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın işi mövzusuna da toxunduq", - deyə Lavrov bildirib.
"Rusiya Yerevanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına və ümumilikdə bu regionda mövcud humanitar problemlərin həllinə kömək etməyə hazırdır. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına dair yekun razılaşmalar əldə olunacaq, buna şübhə yoxdur", - deyə Rusiya XİN rəhbəri vurğulayıb.
"Liderlərimiz münaqişənin sona çatması, münasibətlərin normallaşması ilə bağlı praktiki məsələləri həll etmək üçün üç dəfə görüşdülər. Fikrimcə, prosesin irəli getməsi ilə bağlı ümumi fikrimiz var. Biz tempin daha sürətli olmasını istərdik, lakin buna baxmayaraq, proses gedir və mühüm müsbət nəticələr əldə edilir. Amma heç bir şübhə yoxdur ki, yekun razılaşma olacaq. Biz bunu hər cür təşviq etməyə çalışırıq. Mən əminəm ki, ikitərəfli münasibətlərin tam normallaşmasından başqa yol yoxdur", - Lavrov Ermənistanın xarici işlər naziri ilə danışıqların yekununda deyib.
"Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini də alqışlayır. Bu, həm də regionda vəziyyətin ümumi yaxşılaşmasına töhfə verməlidir", - deyə nazir bildirib.
RUSİYA
Azərbaycan-Ermənistan əlaqələrinin tam normallaşmasından başqa yol yoxdur - Lavrov