BAKI, 8 iyun — Sputnik. İyunun 8-də Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) Yaponiyanın "Fujifilm" şirkətinə məxsus "FDR X-air" portativ rentgen avadanlığının satın alınması ilə əlaqədar layihənin açılış mərasimi keçirilib.
Süni intellektə malik portativ rentgen aparatı beynəlxalq təşkilat "Stop TB Partnerşip" qurumunun konsultativ dəstəyi və Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə yardımı ilə vərəm əleyhinə QHT koalisiyasının aparıcı təşkilatı olan "Sağlamlığa xidmət" İctimai Birliyi (İB) tərəfindən Azərbaycana gətirilib.
Məqsəd Azərbaycanda vərəm hallarının erkən aşkarlanmasına dəstək olmaq, vərəmin ən çox yayıldığı rayonlarda və xüsusilə ucqar ərazilərdə yaşayan insanlar üçün vərəmin müayinə və müalicəsinə əlçatanlığı təmin etmək, vərəmlə mübarizə işinin bütün tibb xidmətlərinə inteqrasiyasını gücləndirmək, bütün risk qrupları arasında sistematik skrininq aparmaqdan ibarətdir.
Qeyd edək ki, "Sağlamlığa xidmət" İB, adıçəkilən müasir rentgen aparatının köməyi ilə 2 il ərzində "Vərəmin aşkarlanmasına dəstək" layihəsində istifadə edəcək və layihənin davamlılığının təmin olunması məqsədi ilə 2023-cü ilin sonunda İB tərəfindən əldə edilən bu portativ rentgen aparatı ETACXİ-yə təhvil veriləcək.