BAKI, 6 iyun — Sputnik. ABŞ-ın məşhur "Netflix" onlayn platformasının nümayəndələri "Formula-1" Azərbaycan Qran-Prisi çərçivəsində ölkəmizə səfər edəcəklər. "Formula-1" yarışlarından bəhs edən, qısa zamanda böyük tamaşaçı marağı qazanmış "Drive to survive" sənədli serialının 5-ci mövsümündə Bakı yarışının həyəcanlı anları da yer alacaq.
AZƏRTAC xəbər verir ki, maraqlı idman mübarizəsi ilə yadda qalan öncəki Bakı yarışlarının görüntülərinə də serialda yer verilib. 2018-ci ildə "Red Bull" komandasının pilotlarının toqquşması, 2021-ci ildə Maks Verstappenin yarışın bitməsinə üç dövrə qalmış qəzaya uğraması, Luis Hamiltonun yarışın restartındakı böyük səhvi kimi dramatik səhnələr Bakı yarışını daha da unudulmaz edib.
"Bakı yuxularıma kabus kimi girir", - buraxdığı səhvdən sonra Luis Hamiltonun "Mercedes" komandasının rəhbəri Toto Vulf ilə söhbət zamanı səsləndirdiyi fikir "Drive to survive" izləyicilərinin diqqətindən qaçmayıb.
Serial yayımlandığı dörd mövsüm ərzində azarkeşlərə "Formula-1" yarışlarının maraqlı məqamlarını, komanda və pilotların real hazırlıq prosesini, həyəcanlı görüntülərini, bir sözlə, F-1 ruhunu daha yaxından hiss etdirməyi bacarıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.