BAKI, 4 iyun - Sputnik. İyunun 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.
Müdafiə naziri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları çatdırıb.
Müşavirədə ötən ay ərzində qoşun növlərinin fəaliyyəti qiymətləndirilib, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı məsələləri diqqətə çatdırılıb.
Real döyüş şəraitinə uyğun keçirilən təlim və praktiki məşqlərin intensivliyinin və keyfiyyətinin artırılmasının vacibliyi xüsusi qeyd edilib.
General-polkovnik Z.Həsənov döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, bölmələrimizə qarşı mümkün təxribatlara dərhal adekvat cavab tədbirlərinin görülməsi ilə bağlı konkret tapşırıqlar verib.
Nazir şəhid və qazilərimizin ailələrinin hər zaman olduğu kimi 26 iyun -Silahlı Qüvvələr Günü ərəfəsində də diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq vəzifəli şəxslər qarşısında tapşırıq qoyub.